Qalereya
"RADIX: Berlin və Bakıda köklərin radikal tədqiqi"
Təbiətdə ağacların və bitkilərin həm böyüməsində, həm də sağ qalmasında onların köklərindəki struktur həlledici rol oynayır. Bu fenomen eynilə insanlara da şamil edilir, çünki insanlar üçün onların öz əcdadlarını duymaq və onların fərqində olmaq çox vacibdir. Bu amillər bizdə təhlükəsizlik hissi yaratmaqdan savayı, həm də həyatımızı mənalı edir. 1 iyun 2023-cü il tarixində Berlin şəhərindəki QGallery Berlin sərgi salonunda “RADIX: Berlin və Bakıda köklərin radikal tədqiqi” adlı sərgi açılmışdır. Emin Məmmədovun kuratorluğu ilə keçirilən sərgi daim dəyişən iqlim və texnoloji dövrdə kök memarlığı konsepsiyasına və onun köklülük və aidiyyət hissimizi necə formalaşdırdığına misilsiz bir icmalı təqdim edir. Öz əsərləri ilə istedadlı gənc rəssam Elnarə Nəsirlini “Həyat sevgisi və şövq” kimi təsvir etmək olar. O bir fırtınanı əks etdirir və həmin fırtına dağıdıcı deyil, məhz yaradıcıdır. O, müasir incəsənət səmasının ənginliklərinə pərvaz edən bir Simurq quşu timsalındadır. Çoxsaylı rəssamlıq sertifikatlarının sahibi və ixtisasca ətraf mühit üzrə mühəndis olan Elnarə, rəssamlıq layihələrində biotexnologiyadan və qarışıq mediadan ilham alır və o, dərin köklərdən rişə atan öz biomorfik dünyalarını yaradır. “RADIKS: Berlin və Bakıda köklərin radikal tədqiqi” sərgisində Elnarənin təqdim olunan əsərləri arasında Yeni Dünya silsiləsinin relyef kimi heykəltəraşlıq obyektləri də yer alır – bu, özünəməxsus tərzdə yeni başlanğıca çevrilməni əks etdirir; öz sonsuzluğu ilə sehrli bir aləmi əhatə edir. Kətan üzərində ərsəyə gəlmiş “Yanardağ”; quru budaqları ilə ovsunlayan ağac kökü, yuxarıya doğru can atan qurğuları təsvir edən “Ruhun parçalanması”; yeni təcrübə qazanmaq və yeni biliklər əldə etmək prosesində insan beyninin neyron şəbəkələrini nəzm edən sehrli “Qovuşma”da, eləcə də canlı orqanizmlərin dinamik sabitliyi qorumaq qabiliyyətini əks etdirən Homeostasis seriyasında öz əksini tapır, qalereyanın məkanına sahiblik edir. Berlinli rəssam Elfi Qrebin çəkdiyi fotoşəkillər köklərə istinad zərurətinin nə qədər dərin olduğunu səciyyələndirir. Elfinin işində əsas diqqət landşaft fotoqrafiyasına və onun insan təsiri ilə formalaşan məkanlar və bakirə təbiət arasında ikililiyə cəmlənib. Onun fotoşəkilləri keçmiş dövrlərdən və İslandiyanın vəhşi mənzərələrində məskunlaşan insanlardan bəhs edir. Elfinin yaradıcılığında qaynar bulaqların yaratdığı narahat duman eyni zamanda bədii leytmotiv kimi əsrarəngiz cazibəyə malikdir. Memarlıq və landşaftı üst-üstə qoyan Elfi Qreb insanlar və təbiət arasındakı əlaqəni dərindən dərk etdiyini nümayiş etdirir. Eyni zamanda, Qrebin işi, biz insanlar olaraq ətrafımızda özümüzü necə tapdığımızı və mənzərənin şəxsiyyətimizin formalaşmasında hansı rol oynadığını araşdırır. Özünün üsyankar gəncliyinin, azad yaradıcılığının və kapitalizm qanunlarından kənar həyatın episentri olan Berlin şəhəri, ən dəbli ziyafətlər, elektron musiqi, tamaşalar, qalereyalar, küçə sənətini özündə bir araya gətirir. Rayonlar fərqli olsa da, dəyişməz olan məqam İncəsənətdir. Rəqəmlər öz sözünü deyir: Berlində 3 opera teatrı, 150-dən çox teatr və səhnə, 175-dən çox muzey və kolleksiya, 300-ə yaxın qalereya, 250-dən artıq ictimai kitabxana, 130 kinoteatr və bir çox başqa mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Almaniyanın paytaxtında keçirilən çoxsaylı mədəni tədbirlər silsiləsində Großgörschenstraße 7 ünvanında yerləşən QGallery Berlin salonunda bu sərginin açılışı özünəməxsus bir çəkiyə malikdir. Qonaqlar arasında Azərbaycan və Almaniyadan olan sənətsevərlər, media nümayəndələri, mədəniyyət və incəsənət üzrə beynəlxalq səviyyədə tanınmış kuratorlar və məsləhətçilər, Berlin Rəssamlıq Akademiyasının professor və dosentləri, rəssamların dostları, qohumları və yoldaşları, Azərbaycanın Almaniyadakı səfirliyini təmsil edən rəsmilər, Azərbaycan diasporunun üzvləri və başqaları da iştirak etmişlər. “RADIKS: Berlin və Bakıda köklərin radikal tədqiqi” sərgisinin açılışında salamlama nitqləri arasında alman rəssam, Berlin Rəssamlıq Akademiyasının professoru xanım İnge Şmidtin, Azərbaycanın Almaniyadakı səfiri cənab Nəsimi Ağayevin, cənab Stefan Stoyanov, tanınmış kurator və incəsənət xadimlərinin adlarını göstərmək olar. “RADIX: Berlin və Bakıda Köklərin Radikal Tədqiqi” adlı sərgi 1 iyul 2023-cü il tarixinə kimi davam edəcək.