Qalereya

“Yaradıcı intuisiya. Rafail Əliyev və onun fəsilləri"

İncəsənətin əsas məqsədi insanları onlar üçün vacib olan işlərlə məşğul olmağa və bildiklərinin fərqinə varmağa təşviq etməkdir. M. Blondel Paytaxtın QGallery (“Qız Qalası”) rəsm qalereyası paytaxt sakinlərini və qonaqlarını “Yaradıcı intuisiya. Rafail Əliyev və onun fəsilləri” sərgisini ziyarət etməyə dəvət edir. Əsl mükəmməllik inkişafın zirvəsi olan sadəlikdədir. R.Əliyev Mənəvilik və dünyəviliyi birləşdirərək mükəmməl və parlaq harmoniya yaradan sənətkardır. Rəsmlərində aşkar görünən cizgilərin aydın və dəqiq gözəlliyi Rafaelin estetikasının əsasını təşkil edir. R.Əliyevin yaradıcılığında inamlı sənətkarlıq, lakonik kompozisiyaların mükəmməl tarazlığı və ahəngi, zərif cazibə, sakit lirizm, obrazların tərksilah edən həlimliyi ilə birləşir. Onun rəsmlərindəki cizgilərin hamarlığı, formaların dairəviliyi dinclik, əmin-amanlıq, bütövlük hissi yaradır. R.Əliyevin qadın portretlərinin ifadəli həssaslığında, böyük emosionallığında dahi Modilyaninin təsirini hiss etmək olar. Bu möhtəşəm qadın portretləri üslubun saflığını və zərifliyini, simvolizm və humanizmi, tamlıq hissini və hüdudsuz həyat eşqini və hər zaman narahat olan vicdan əzablarının patetik həyəcanını özündə birləşdirir. Rafail həqiqətə uyğunluğu və şərtiliyi məharətlə tarazlaşdırır, əsas mahiyyəti saxlayaraq artıq, lazımsız hər şeyi aradan qaldırır. Onun əsərləri mükəmməl sadəlik, şövqsüz həssaslıq, zamansızlıq və qeyd-şərtsiz təbiilik ilə xarakterizə olunur. Tamaşaçını təkcə izləməyə deyil, dərk etməyə, təkcə düşünməyə deyil, hiss etməyə çağırır. Hər bir insanın möhtəşəm təbiətin gözəlliklərindən ilhamlanan fərqli ruh halı və duyğuları var. Möcüzəvi fəsillər təbiətə rəngarənglik qatır və onu xoş hisslərlə bəzəyir. Uzun müddət yaddaşlarda qalacaq "Yaradıcı intuisiya. Rafail Əliyev və onun fəsilləri” sərgisi 2022-ci il dekabrın 5-dən dekabrın 19-dək tamaşaçılar üçün açıq olacaq.