Qalereya

“İşığın sehri”

İyulun 7-də paytaxtın Bakının mərkəzində – İçərişəhərdə yerləşən “QGallery” (“Qız qalası”) rəsm qalereyasında Fərəh Hacızadənin “İşığın sehri” adlı ilk fərdi sərgisi açılmışdır. Sərginin ekspozisiyasına müəllif tərəfindən bir neçə il ərzində müxtəlif janrlarda yaradılmış 25 əsər daxildir. Açılış günündə təqdim olunan rəsm əsərlərinin əksəriyyəti isə bu il Fərəh Hacızadə tərəfindən yaradılmışdır. “Fərəh Hacızadənin rəsmlərinin yaratdığı duyğuların diapazonu mümkün qədər genişdir və burada hər şey təsvir olunan süjetdən, təsvir tərzindən, dinamikasından, rənglərdən və s. ibarətdir. Rəssamın rəsmlərinin əsas qayəsini işıq təşkil edir. Eyni zamanda, eyni mənzərə tamaşaçılar tərəfindən nəinki fərqli şəkildə qəbul edilir, onlar hətta köklü şəkildə əks emosiyalar da doğurur. F.Hacızadənin yaradıcılığını seyr edənlər, onları özünün həyat təcrübəsi, ümid, inanc və istəkləri prizmasından keçirir”, - tədbir təşkilatçıları bildirir. Fərəh Hacızadə jurnalistlərlə söhbətində qeyd edib ki, sərginin “İşığın sehri” adlandırılması təsadüfi deyil, çünki işıq rəngkarlıqda böyük rol oynayır. Onun fikrincə, əsərə baxan insanın həmin şəkildə öz mənasını axtarması, əks etdirməsi, gördüklərini özünəməxsus şəkildə qavraması daha məqbuldur. “Uşaqlıqdan rəssamlığa həvəsim dörd il bundan əvvəl müəllimim Raidə Mustafayeva ilə peşəkarcasına rəssamlığa başlamağıma rəvac verdi”, - F.Hacızadə deyir. Bu gənc qız taleyini hüquqşünaslıqla Avropa Hüquqi ilə bağlamaq qərarına gəlsə də, rəsm əsərləri yaratmağa davam edəcəyini qeyd edir. Açılış mərasimində paytaxtın “QGallery” rəsm qalereyasının direktoru İradə Ağamoğlanova, MİRAS Group-un baş və kreativ direktoru Nigar Helmi, rəssamın atası Fərhad Hacızadə onun yaradıcılığından, rəssamlıq həvəsindən, rəssamlıq sənətindən və bu peşənin icəliklərindən söz açmış və müəllifi ilk fərdi sərgisi münasibətilə təbrik edərək, ona uğurlar və gələcək yaradıcılıq uğurları arzulayıblar. F.Hacızadə öz növbəsində qonaqları salamlayaraq sərgi təşkilatçılarına öz minnətdarlığını bildirmiş və onun üçün əlamətdar olan belə bir gündə onun sevincini bölüşən hər kəsə təşəkkür etmişdir. Qonaqlar nümayiş etdirilən əsərlərin seyrinə dalaraq, F.Hacızadəni belə bir fərdi sərgisi nailiyyəti münasibətilə təbrik etmiş və xatirə şəkilləri çəkdirərək, rəssama gələcəkdə də yaradıcılıq uğurları arzulamışlar. Sərginin açılışında rəssamlar, sənətşünaslar, KİV nümayəndələri, Fərəh Hacızadənin dostları, qohumları və tanışları iştirak etmişlər.