Qalereya

I Beynəlxalq “Tullantıdan sənətə” sərgisi 2012

2012-ci il iyunun 1-də Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz Şəhər” ASC-nın birgə təşkilatçılığı ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərginin açılışı olub. Sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq tədbir iştirakçılarına nümayiş etdirilib. Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Tullantıdan sənət əsərlərinin yaradılması müasir dövrdə “alternativ incəsənət”, şablon və qaydalara etiraz kimi dəyərləndirilir. Bu sahənin sənətkarları metal, kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradırlar. Sərgidə Azərbaycan, Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus və digər ölkələrdən olan sənətkarların kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, maşın şüşələri, şüşə qablar, metal və digər tullantı materiallarından hazırlanmış əl işləri nümayiş etdirilib.