Qalereya

MONEY MONEY MONEY

Gənc və istedadlı rəssam Zərnişan Yusifun zərif emosionallığına, yenilik axtarmağa və fərqli görünməyə meylinə, dünyaya açıq fikirliyinə az adam etinasız qala bilər. Zərnişanın rəsm lövhələri axıcı formaları, fakturaların çoxqatlılığı və zəngin məzmunu ilə tamaşaçını özünə cəlb eləyir. İlk baxışda bu əsərlər ekspressiv görünə bilər, həm də digər tərəfdən yığcam və təmkinlidir. Amma gənc rəssamın bütün əsərləri mürəkkəb rəng çalarlılığı ilə bizləri heyrətləndirir. “Qız Qalası” («QGallery») Rəsm qalareyasında açılan “MONEY MONEY MONEY” fərdi sərgisində Zərnişan Yusifin 30-a yaxın əl işi sərgilənir. Bu əsərlərin hər biri rəssamın özünə məxsus, heç kəsə bənzəməyən, ərtaf aləmə qeyri-adi münasibəti, dünyamıza kətan üzərinə həkk elədiyi müxtəlif pul əskinasları nöqteyi-nəzərindən baxması maraq doğurur. Biz hər gün əlimizdə kağız əskinasları, metal sikkələri tutarkən heç güman da etmirik ki, həmin an əlimizdə tarixin özünü saxlayırıq. Yəni pullar da bəşəriyyətlə bir yerdə inkişaf edir. Başqa cür ola bilməz! Axı pul yalnız mübadilə vasitəsi deyil, həm də bütün bəşəriyyətin mədəni irsidir. Zərnişan Yusifin təsvir elədiyi əskinasların arasında olduqca nadir, əntiq nüsxələri də görə bilərsiz. Həmin qədim pul əskinasları ötən əsrin əvvəllərindən başlayaraq bu günümüzədək, yəni son yüz il ərzində Azərbaycanın ərazisində fəal şəkildə istifadə olunub. Bunun özü də təsadüfi deyil, çünki “MONEY MONEY MONEY” sərgisi Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinin bayram edilməsi ərəfəsində keçirilir.