Qalereya

"Rəngkarlıq və qrafik əsərlərində Azərbaycandan ilhamlanan" Britaniya rəssamı Edvard Tvohiqin sərgisi

Edvard Tvohiq – qravüra, rəsm və rəngkarlıq əsərlərinin yaradılması sahəsində ixtisaslaşan məşhur Britaniya rəssamıdır. Böyük Britaniyada yaşayıb-yaradan, Britaniya Kral qrafik-rəssamlar cəmiyyətinin üzvü olan sənətkar eyni zamanda İngiltərənin Uiltşir şəhərində Malboro kollecinin rəssamlıq fakültəsinin dekanı vəzifəsində çalışır. Azərbaycanın vurğunu olan Edvard Tvohiqin artıq burada iki fərdi sərgisi keçirilib. Onlardan "Bakı, Qədim şəhərin 100 mənzərəsi" adlanan birinci sərgi 2017-ci ildə Azərbaycan Milli İncəsənət muzeyində, "İşərişəhər mövsüm çalarlarında" adlanan ikinci sərgi isə 2018-ci ilin iyul ayında İşərişəhərdə Arxeologiya və etnologiya muzeyində keçirildi. Azərbaycandan ilhamlanan rəssamın əsərləri Britaniya muzeyinin daimi kolleksiyanda, Azərbaycanın Londondakı səfirliyində və bir çox rəsm qalereyalarında saxlanır. 2019-cu il aprelin 2-də "Qız Qalası" qalereyasında açılan "Rəngkarlıq və qrafik əsərlərində Azərbaycandan ilhamlanan" sərgi rəssamın Azərbaycan ərazilərinin təbiətinin bütün mövsümlərdə gözəlliyinə, cizgi və boyalarının ahənginə məftunluğunu üzə çıxarır. Sərgidə, o cümlədən, Tvohiqin Quzey Azərbaycanın Qəbələ, Göyçay, Oğuz, Qax, Şəki, Şamaxı və Qobustana səfərlərindən, habelə İşərişəhərin onu ruhlandıran memarlıq fraqmentlərindən yeddi il ərzində aldığı təəssüratları altında yaratdığı əsərləri nümayiş olunur. Bugünkü sərgi rəssamın Azərbaycana üçüncü səfəridir. Rəyçi Cess Rivin bu yaxınlarda yazdığı məqaləsindən bir parça: "Edvard Tvohiq Azərbaycanın çox gözəl təbiətindən ilhamlandığı, bir kvadrat metr ölçüdə qatı yaxmalarla işlənmiş, gözü oxşayan əsərləri, onları diqqətlə seyr və təhlil etməyi tələb edir. Bu aydın və parlaq yaxmalar təsvir səthindən köndələn keçməklə kətandan kənara uzanan mənzərəni əks etdirir. Bununla belə Edvard Tvohiq öz qravüralarında olduğu kimi əsərlərinin bir çoxunda cəsarətlə kətanın bəzi sahələrini işlənməmiş saxlayır, bu da onun əsərlərindən gələn fəza təəssüratını çox gur vurğulayır. Lakin öz qravüralarından fərqli olaraq, o, tablolarında qətiyyətlə parlaq boyalardan istifadə edir. Hərarətli bənövşəyi boya ilə yanaşı mülayim sarı limon boyalı və digər ahəngdar isti boya yaxmaları (boyalar bir-birinə qarışmır, olduqca saf qalır) tamaşaçını onların yarandığı qızmar iqlimə aparır. Yayda 45 C istidə buxarlanan həlledicidən süzülüb quruyan damcı ləkələrindən ibarət göy qurşağı təəssüratı yaradır. Bu əsərlərin cəsarətliliyi yalnız Edvard Tvohiqin Azərbaycan mədəniyyətinə və landşaftına sevgi və ehtirası sayəsində əmələ gəlir".