“Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festival 2011


“Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının populyarlaşdırılmasını öz qarşısına məqsəd qoymuşdur. Layihədə 21 ölkədən 26 tanınmış rəssam iştirak edir. Onlar Qız Qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrinin sintezini əks etdirən əsərlər yaradacaqlar. İçəri Şəhərdə Bakı sakinləri və şəhərimizin qonaqları üçün rəssamların yaratdıqları bu işlərdən ibarət sərgi təşkil ediləcəkdir. Bununla yanaşı, bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayış etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız Qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcəkdir. Festivalın əsas layihəsi ilə yanaşı üzərlərində müxtəlif şəkillər çəkilmiş və naxışlarla bəzədilmiş çərpələnglərin havaya buraxılması aksiyası keçiriləcəkdir. Küləklər şəhəri olan Bakı ən gözəl və yadda qalan meydanına çevriləcəkdir. Hər ölkənin adət - ənənəsinə uyğun bəzənmiş, müxtəlif forma və ölçülü çərpələnglər Bakı səmasında rəngarəng palitra yaradacaqlar.

YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhərin ərazisində yerləşən və odlar diyarının rəmzi hesab olunan bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.