Rəssamlarımız

İsa Məmmədov

Rəssam

1956-cı ildə Zəngəzur rayonunda anadan olmuşdur Çağdaş Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xəttə malik olan fırça ustalarından biri də İsa Məmmədovdur. 1956-cı ildə Zəngəzur mahalının Qafan rayonunda dünyaya göz açan İsa Məmmədov ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1974-1979) almış, sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəng

İsa Məmmədovun əsərlərinin xarici, görünən sadəliyi və inamının arxasında sənətkarın hissləri, duyğuları və təcrübələri dayanır.

karlıq fakültəsini (1982-1988) bitirmişdir. Elə o vaxtdan müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Əsərləri müxtəlif muzeyləri, yerli və xarici ölkələrdəki nüfuzlu şəxsi kolleksiyaları bəzəyir. Yaradıcılığında zaman-zaman müxtəlif janrlara müraciət etsə də, daha çox mənzərə janrına üstünlük verir. Bu janr rəssama onu əhatə edən gerçəklikdən, daha çox isə təbiətdən aldığı təəssüratlarını sənətsevərlərə özünəməxsus bədii şərhlə, işıq-kölgənin məharətlə uyğunlaşdırılması yolu ilə çatdırmağa imkan verir. İsa Məmmədovun yaradıcılığını səciyyələndirən ifadə tərzi bir qədər təsviri sənət tarixinə təəssürat ustaları kimi daxil olmuş impressionistlərin yaradıcılıq üslubu ilə yaxınlıq təşkil edir, onlarla assosiasiya-anım yaradır. Rəssamın əsərlərindəki sərbəstliyi ilə seçilən kompozisiya quruluşu, bölünmüş yaxılardan istifadə və real həyata lirik-poetik baxış bunun əyani göstəricisidir, desək, yanılmarıq. Bu mənada onun “Bakı mənzərəsi” (2005), “Şəki motivi” (2006), “Dənizkənarı milli park” (2007), “Paytaxtın Nizami küçəsi” (2006), “Payız” (2007) əsərlərini xüsusi qeyd etmək olar. İşıq və hava effektlərini tabloda canlandırmağı özünün başlıca yaradıcı vəzifələrindən hesab edən İsa Məmmədovun əsərlərində həyatın zəngin boyalarının fırçaya alınması, təbiətlə insanın vəhdətinin gerçəkləşdirilməsi onun sənətkar “mən”inin bir ifadəsidir. Belə ki, rəssam təsvir prosesində fərdi müşahidələrinə – canlı naturadan alınan ilk təəssürata əsaslanır, açıq havada işığın təsiri altında daim dəyişən rənglərin ahənginə xüsusi diqqət yetirir. Duyulası sevgi və həyəcanla kətana köçürülmüş “Qadın” (2003) əsərində rəssamın işıq və rənglə ifadə olunmuş ustalığı açıq-aydın şəkildə özünü büruzə verir. Yaşıl yerlikdə ağacın altında oturaq pozada, günəşdən qorunmaq üçün əlində çətir təsvir olunan şlyapalı qadın obrazı, eləcə də kompozisiyanın atributlarının ustalıqla bədii görkəm alması bütün kompozisiyanın cəlbediciliyini şərtləndirmişdir. Rəssamın rəng çalarlarının zənginliyi ilə seçilən əsərlərindən biri də “Güllər” (2006) natürmortudur. Özündə yaz təravətini əks etdirən gül dəstəsini rəssam kətan üzərində sadə biçimli kompozisiyada incə koloritdə, duyğulandırıcı biçimdə, böyük sevgiylə bədii görüntüyə çevirmişdir. Doğma paytaxtımızın tərənnümü İsa Məmmədovun sevimli mövzularından biridir. Bu baxımdan onun Bakı şəhərini ilin müxtəlif çağlarında, günün müxtəlif vaxtlarında görüntüyə gətirən “Bakı motivi” (2005), “Vağzalyanı meydan” (2006), “Bakı mənzərəsi” (2006), “Fəvvarələr meydanı” (2006), “Üç qız parkı” (2006), “Bakı. Bizim küçə” (2007), “Bakının Milli parkı” (2007), “Bakı vağzalı” (2007) və s. əsərlərini qeyd etmək olar. Rəssamın Bakıya sonsuz sevgisini əks etdirən çoxsaylı əsərlərinin arasında “Payız” (2007) mənzərəsi xüsusilə seçilir. Bu tabloda rəssamın əsas məqsədi Bakının payız aylarında füsunkar görünməsini, təbiətlə insan arasında olan vəhdəti əks etdirməkdir. Gözoxşayan kompozisiyada bir-birini tamamlayan qızılı, sarı və çəhrayı rənglər əsərin koloritini daha da ifadəli edib. Təbiətin yağışlı durumu bu rənglərin bir-birinə yaxın koloritdə birləşməsini şərtləndirib. Qədim şəhərə həsr olunmuş digər bir əsər isə sadəcə “Bakı” (2009) adlanır. Paytaxtın payız fəslində görüntüsünü sərgiləyən bu əsər günəşli havada açıq rənglərin bir-birini necə tamamlaması, bitkin və uyarlı koloritdə birləşməsi ilə seçilir. Yağlı boya ilə çəkilmiş bu əsərdə də rəssam Bakıda havaların tez-tez dəyişməsinə rəğmən rənglərin özünəməxsus şəkildə dəyişməsini göstərə bilmişdir. İlin fəsillərinin əvəzləndiyi bir vaxtda rəssam yaşıl və sarı rənglərin bir-birini əvəzləməsi prosesinin nüanslarını öz əsərlərində gerçəkləşdirməklə, eyni zamanda rənglərin əlaqəli olmasının cəlbediciliyini də əks etdirməyə nail olmuşdur. İsa Məmmədovun ilin müxtəlif fəsillərində və günün ayrı-ayrı vaxtlarında Bakının görüntüsünü əks etdirən əsərlərindən biri də 2010-cu ildə çəkilmiş “Bakı mənzərəsi” tablosudur. Bu tabloda bir-birini tamamlayan isti və soyuq rənglər əsasən günün qürub çağını ifadə edir. Bu kompozisiyada Bakı isti yay aylarının birində təsvir olunmuşdur. Məhz bu səbəbdən kompozisiya çox fərqli koloritdədir. Rəssam rənglərdən məharətlə istifadə etməklə həm fəslin, həm də şəhərin mövcud durumunun yaddaqalan görüntüsünü yaratmışdır. Canlı naturanı öz formal axtarışları üçün başlıca mənbəyə çevirən rəssamın tablolarında təbiət və müxtəlif atributlar öz mahiyyətini itirərək, hava və işıq təbəqələri içərisində “əriyib”, az qala görünməz olub. Uzun zamanlar insanların istirahət yerinə çevrilən parklarımızı tərənnüm edən “Üç qız parkı” (2006), “Bakının Milli parkı” (2007), eləcə də paytaxtın qələbəliyi ilə seçilən guşəsini əks etdirən “Bakı vağzalı” (2007) əsəri bunun bariz nümunəsidir. İsa Məmmədovun həyatın, təbiətin əsrarəngiz gözəlliklərindən aldığı dərin təəssüratı, dəyişkən hisslərini tablolarında bizə çatdıra bilməsi yurdumuzun dilbər guşələrindən sayılan Şəkinin ürəkaçan mənzərələrinə həsr olunmuş lövhələrdə də hiss olunur. Belə ki, rəssam bu mənzərələrdə Şəki təbiətinin füsunkarlığını özündə yaşadan rəng çalarları, xoş ovqat ifadəsi və emosionallıq sərgiləyə bilmişdir. Gözoxşayan Şəki ünvanlı əsərlərində (“Şəki mənzərəsi”, 2006; “Şəki motivi”, 2007; “Şəki. Kiş kəndi”, 2007) memarlıq incilərindən sayılan alban məbədinin, qızılı dona bələnmiş qırmızı kirəmitli kənd evlərinin, dolanbac küçələrin və bu yerlərə canlılıq bəxş edən insan təsvirləri ilə həmin guşənin özünəməxsus koloritini və ovqatını qabarıq göstərməyə nail ola bilmişdir... İsa Məmmədov hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” kafedrasında baş müəllim vəzifəsində çalışır. Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki rəssamlar birliyinin üzvüdür. Çox vaxt rəssamların əsərlərini onların daxili aləminə açılmış işıqlı pəncərələrə bənzədirlər. Bu mənada İsa Məmmədovun yaradıcılığını və müxtəlif janrlarda gerçəkləşdirdiyi lövhələri də onun özünəməxsus gözəllik duyumunun çox cəlbedici və duyğulandırıcı, başqalarına dəyişkən ovqat bəxş edən görüntüləri hesab etmək olar. Rəssamın fərdi sərgilərinin (2009-cu ildə Almaniyanın Berlin şəhərində, 2010-cu ildə isə Türkiyənin İstanbul şəhərində fərdi sərgisi təşkil olunub) davamlı uğuru, özünə çoxsaylı pərəstişkar qazandırması da bunu təsdiqləyir. Onun son yaradıcılıq hesabatının – 2011, 2016-ci illərində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına salonunda əllidən çox əsərdən ibarət “Azərbaycan mənzərələri” adlı fərdi yaradıcılıq sərgisilərinin uğuru isə bizi çox yaxın gələcəkdə onun yeni maraqlı əsərləri ilə görüşəcəyimizə inamımızı artırır. 2009 – fərdi sərgisi, Galerie Berlin Baku (GBB), Berlin, Almaniya 2010 – fərdi sərgisi, Galerie Berlin Baku (GBB), Berlin, Almaniya 2010 – fərdi sərgisi, İstambul, Türkiya 2011 – fərdi sərgisi, Bakı, Azərbaycan 2016 (fevral) - “Azərbaycan mənzərələri” adlı fərdi sərgisi, Vəcihə Səmədova adına sərgi salonu, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2016 (aprel) - “Azərbaycan mənzərələri” adlı fərdi sərgisi, Vəcihə Səmədova adına sərgi salonu, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2017 – “Narlar və uca dağlar”Azərbaycan sərgisi, Kunstation Kleinsassen, Almaniya İsa Məmmədovun rəsm əsərləri səxsi kolleksiyalarda Azərbaycanda, Rusiyada, Fransada, İtaliyada, ABŞ, Türkiyədə və başqa ölkələrdə saxlanılır.

İsa Məmmədov - Rəsmlər

Rəssamın əsərləri o qədər realdır ki, istər-istəməz qeyri-adi təmiz dağ havasını, çiçəklərin qoxusunu hiss etməyə başlayırsan və qarla örtülü dağ zirvələrinin əzəmətinə heyran olmaqdan yorulmursan.