Qalereya

Moskvada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi”

Fevralın 4-də Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi açılış mərasimində Rusiyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi. İndiyədək Londonda, Berlində və Parisdə nümayiş etdirilən sərginin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamı olduğu qeyd edilib. Sərgi Rusiya paytaxtında da xüsusi maraqla qarşılanıb. Fevralın 24-dək davam edəcək sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılıb. “Multimedia Art Muzey”in direktoru Olqa Sviblova tədbirin əhəmiyyətini vurğuladı, belə bir sərginin Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisə olduğunu bildirdi. O.Sviblova sərginin təşkilinə dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür etdi, Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənətinin və mədəniyyətinin hərtərəfli təbliğindəki rolunu vurğuladı.