Azərbaycan xalça motivləri


Gama Məlikovanın yaradıcılığı daim hərəkət, irəliləyiş və dəyişkənlik tələb edir, bu da öz növbəsində yeni sınaqlara, aktual mövzu axtarışlarına, yeni özünüifadə üsullarına təkan verir. Gama Məlikova üçün yaradıcılıq özünüdərk olmaqla yanaşı eyni zamanda həyat tərzidir. Bu dəyişiklik və çətinliklərdən qorxmayan çevik qadın incəsənətlə məşğul olmağa qərar verir, fantaziyasını sərbəst buraxıb asanlıqla gözəllik aləminə daxil olur. Onun müxtəlif – həm ənənəvi, həm də ekzotik texnikalarda işlənmiş rəsm əsərləri, instalyasiyaları, kollajları, mövzu dairəsi, şən palitrası həmişə özündə müsbət impuls, qüdrətli enerji və hərarət daşıyır. Artıq bir neçə ildir ki, Həmidə ənənəvi ornamental motivlərlə natürmort elementlərini birləşdirərək Azərbaycan xalçaları mövzusunda eyhamlar yaradır. Ayrı-ayrı eksperimentlərdən bütöv əsərlər silsiləsi meydana gəldi ki, rəssam bu silsiləni sentyabrın 18-dən 22-dək Qız Qalası qalereyasında keçiriləcək fərdi sərgisində ictimaiyyətə təqdim etmək qərarına gəlib. Azərbaycan dekorativ sənəti ənənələri ilə klassik Avropa təsviri sənət növləri ilə belə vəhdət tamamilə təbii surətdə sənətkarın dəyərlər sisteminə uyğun gəlir. Gama Məlikovanın yaradıcılığında Şərqlə Qərb ahəngdar şəkildə bir-birinə qovuşur, gözəllik aləmi isə gerçək və xəyali sərhədləri yarır. Həmidə Məlikova zəngin koloritli və ornamental bəzəkli Azərbaycan xalçaları mövzusunda reminissensiyaları rəsm əsərləri və instalyasiyalarda (sərgidə 25 əsəri təqdim olunacaq) istifadə etməklə yanaşı həm də ipək yaylıqlarda tətbiq edir. Bu yaraşıqlı yaylıqlar müasir qadınların geyim dəstində nəfis bəzək elementi kimi çıxış edə bilər.

Rəssamın əməksevərliyi, anadangəlmə zövqü, aşıb-daşan fantaziyası, özünə inamı, ilk növbədə həyat eşqi onun istedadına kömək edir, bir daha əmin edir ki, insanın taleyi onun öz əlindədir, inam, ümid və məhəbbət isə uğurunun rəhnidir.