"İşıq və kölgə oyunu" 2016


Cəmil Hüseynov "İşıq və kölgə oyunu" adlı ilk fərdi sərgisi Rəsmdə işıq və kölgə, işıq və kölgə oyunu. İşıq və kölgə. Bu, hamıya tanış olan bayağı anlayışları fəlsəfi kateqoriya, dialektik ziddiyyət, müqabil tərəflərin mübarizəsi və vəhdəti kimi səciyyələndirmək olar. Yalnız bu adi sözlərin arxasında dərin fəlsəfi mənanı aşkar etdikdə dünyanın bütün mürəkkəbliyini və varlığın qayda-qanunlarının sarsılmazlığını anlamağa başlayırsan. İstedadlı gənc rəssam Cəmil Hüseynov, ehtimal ki, ictimaiyyətin diqqətini bədii üsulların fəlsəfi kateqoriyalarla kəsişməsinə yönəltmək məqsədi ilə öz ilk fərdi sərgisini məhz "İşıq və kölgə oyunu" adlandırmışdır. Cəmil Hüseynov 1987-ci il dekabrın 24-də Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Qərb universitetini interyer dizayneri ixtisası üzrə bitirən Cəmil, bədii təhsilini davam etdirmək üçün İtaliyanın Florensiya şəhərinə yollanır, burada 2010-cu ildən 2013-cü ilə qədər Çarlz Sesilin studiyasında təhsil alır. Məhz burada o, sənəti dərindən öyrənməyə başlayır və qədim fırça ustadlarının sənətinin sirlərinə yiyələnir. Gənc rəssam Van Deyk, Rubens, Velaskes, Rembrandt, Tisian və Karavaco kimi sənətkarların əsərlərindən ilham alır. İlhamlanır, lakin onları təkrarlamır, öz üslubunu yaradır. Lakin bununla belə öz əsərlərinə sanki dahi sənətkarların yaradıcılığının yüngül hənirtisini qatır. Cəmil Florensiyada təhsil illərində portretlər qalereyasını yaradır. Onların hər biri öz-özlüyündə unikaldır, müəllif heyrətamiz şəkildə bütün emosiyaları, baxışları və əhval-ruhiyyəni tam dəqiqliklə əks etdirməyə nail olur, onların hamısını birləşdirən də məhz budur. Çılpaq naturalar yüksək ahəngdarlığı və mütənasibliyi ilə fərqlənir. Rəssam dünyaya özünün sərrast və qəti baxışı ilə baxmağı təklif edir. O, dərindən düşünməyə və təhlil etməyə çağırır, birmənalı şəkildə diqqəti əsərlərinə cəlb edir. Rəssamın natürmortları olduqca maraqlıdır. Onlar ənənəviliyi və realistliyi ilə fərqlənir. Əsərlərə hətta ötəri baxış belə onların əhval-ruhiyyəsini və ən xırda nüanslarını duymağa kifayət edir. Bu, bir savaşdır… İşıq və kölgənin mübarizəsi və dinc yanaşı yaşamasıdır…

Sənətkarın əsərləri ənənəvi təsvir üslubu ilə fərqlənir. O, kifayət qədər məhdud palitradan istifadə edir. Lakin boyaları qarışdıranda təbiətə ən yaxın təbii rəng almağa müvəffəq olur. Rəssam işıq və kölgə ilə sanki oynayır, onun əsərlərini də canlandıran məhz bu üsullardır. İşıq və kölgələrin oyunu kətanı sanki gözəgörünməz torla örtür və onun əsərlərinin ən güclü cəhətlərini üzə çıxarır.